330x110
 

Nazirlik reklamçılara xəbərdarlıq etdi – Məsuliyyətə cəlb edilmək istəmirsinizsə...

10.09.2020,11:37


10 sentyabr, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə daxil olan müraciətlərin araşdırılması zamanı bəzi hallarda endirimlərlə bağlı reklamların düzgün və dolğun verilmədiyi, istehlakçıların çaşdırıldığı müəyyən edilir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, əmtəələrin (malların) alınması, yaxud sövdələşmə zamanı istehlakçının seçim sərbəstliyinə təsir göstərən haqsız, qeyri-dəqiq və gizli reklam üsullarından istifadə olunması, istehlakçıların çaşdırılması haqsız rəqabətə səbəb olur.

Bu cür reklam üsulları qanunla qadağandır və belə hallara yol verən sahibkarlara qarşı məsuliyyət tədbirləri nəzərdə tutulur. Bazar subyektləri qanun pozuntusuna yol verməmək və məsuliyyətə cəlb edilməmək üçün endirimlərlə bağlı reklam verərkən mütləq qaydada “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq reklamda aşağıdakı məlumatların göstərilməsini təmin etməlidirlər:

- qiymətin dəyişməsi kampaniyasının başlanma tarixi və müddəti;

- qiyməti dəyişdirilən əmtəələrin (malların) siyahısı;

- qiyməti dəyişdirilən əmtəənin (malın) mövcud qiyməti;

- əmtəənin (malın) qiymətinin əvvəlki qiymətlə müqayisədə mütləq yaxud nisbi ifadə ilə dəyişməsi.