Yarım milyard manatdan çox kompensasiya verilib – Bağlanmış banklardan yeni xəbər

15:31 - 15.09.2020


15 sentyabr, Fineko/abc.az. Sentyabrın 14-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış “AG Bank”, “Amrah Bank”, “NBC Bank” və “Ata Bank” üzrə 22 min 126 əmanətçiyə 519 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadən xəbər verir ki, bu il iyunun 16-dan sentyabrın 14-dək “Azərbaycan Beynəlxalq Bankı” tərəfindən ləğv prosesində olan “AG Bank” və “NBC Bank”ın əmanətçilərinə 182,17 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 3878 əmanətçiyə 71,66 milyon manat, “NBC Bank" üzrə isə 3802 əmanətçiyə 110,50 milyon manat kompensasiya ödənilib. İyunun 1-dən sentyabrın 14-dək “Kapital Bank” tərəfindən ləğv prosesində olan “Amrah Bank” və “Ata Bank”ın əmanətçilərinə 337,28 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə “Amrah Bank” üzrə 5479 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 129,93 milyon manat, "Ata Bank" üzrə 8967 əmanətçiyə ödəniş isə 207,35 milyon manat təşkil edib. Fond tərəfindən son bağlanmış banklar üzrə əmanətçilərin kompensasiyalarının təmin edilməsi artıq yekunlaşmaq üzrədir. Tam ödənilmə prosesi qısa zaman içərisində qanunla müəyyən olunmuş qaydada yekunlaşdırılacaq.

 

Bütün xəbərlər