330x110
 

Bu yataqdan indiyədək 14 milyard kubmetr təbii qaz hasil edilib – Akademikdən açıqlama

17.09.2020,16:09


17 sentyabr, Fineko/abc.az. İndiyədək “Neft Daşları” yatağından təxminən 176,4 milyon ton neft və 14 milyard kubmetr təbii qaz hasil edilib.

ABC.AZ xəbər verir ki, bunu SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

SOCAR rəsmisi qeyd edib ki, hazırda yataqda illik neft hasilatı 945-950 min ton, qaz hasilatı isə 85 milyon kubmetr həcmindədir.

"İşlənmənin əvvəlindən bəri Neft Daşlarında laylara 270 milyon kubmetrə yaxın su vurulub, bunun da nəticəsində quyuların fontan üsulu ilə işləməsinin müddəti xeyli uzadılıb və layların neftvermə əmsalı xeyli artıb.

Abşeron-Balaxanıyanı qalxımından neft alınması sonradan “Azəri-Çıraq-Günəşli” kimi yataqların açılmasına zəmin yaradıb. Dünyada dəniz akvatoriyalarının mənimsənilməsi epoxasının əsasını qoymuş “Neft Daşları” yatağının kəşfi təkcə keçmiş SSRİ-də - Xəzərdə, Oxot, Barents dənizlərində, Qara dənizdə deyil, həm də dünyanın bütün dəniz və okean akvatoriyalarında - Meksika körfəzində, Şimal dənizində axtarış-kəşfiyyat işlərinin inkişafına güclü təkan verib. Hazırda dünya üzrə axtarış-kəşfiyyat işlərinin və karbohidrogen hasilatının böyük bir hissəsi dəniz akvatoriyalarının payına düşür”, - deyə akademik bildirib.