Agentlik onlara çağırış etdi – Bu halda məsuliyyət daşıyırsınız

11:15 - 18.09.2020


18 sentyabr, Fineko/abc.az. Aqrar Xidmətlər Agentliyi (AXA) kənd təsərrüfatı texnikası istifadəçilərini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Agentlikdən ABC.AZ-a daxil olan məlumata görə, bəzən fermerlər və mexanizatorlar rayon, kənddaxili yollarda, təsərrüfatlara gedərkən yol yaxınlığı, əraziyə yaxşı bələdlik kimi səbəblərlə yola nasaz texnika ilə çıxır, təhlükəsizlik qaydalarını pozurlar.

“Təəssüf ki, belə məsuliyyətsiz yanaşmalar qəzalara, insan itkilərinə, ailə faciələrinə səbəb olur”, - deyə AXA-dan bildirilib və mütəmadi reydlərdə belə halların qarşısının alındığı qeyd edilib.

Aqrar Xidmətlər Agentliyi texnika sahiblərinə və sürücülərinə bildirir ki, “Yol Hərəkəti Haqqında Qanun”una uyğun olaraq, dövlət qeydiyyat nişanı və ya onlardan biri yerində olmayan, eləcə də saxta və ya başqa nəqliyyat vasitələrinə verilmiş və ya dövlət standartına uyğun olmayan dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər