Baş Prokurorluq "Məmmədoğullar" şirkətini cərimələdi - 2 min manat

11:30 - 22.09.2020


22 sentyabr, Fineko/abc.az. Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin bir qrup sakininin ərazidə yerləşən "Məmmədoğullar" MMC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə göstərilən hallarla bağlı  araşdırma aparılıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, araşdırmalarla MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmış çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilib.

Binəqədi rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Məhəmmədoğulları” MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 min manat məbləğində cərimə edilib.

 

Bütün xəbərlər