330x110
 

Cəbhədəki vəziyyətlə bağlı yalnız rəsmi məlumatlara istinad edin – DTX açıqlama yaydı

22.09.2020,17:18


22 sentyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) cəbhədəki vəziyyətlə bağlı yayılan məlumatlara dair açıqlama yayıb.

ABC.AZ xəbər verir ki, DTX-nin rəsmi saytında yer alan açıqlamada deyilir: "Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində hərbi təxribatların intensivləşməsi ilə eyni vaxtda düşmən tərəfi sosial şəbəkə resurslarında saxta azərbaycanlı adlarından və Azərbaycan dilindən istifadə etməklə cəbhə bölgələrində əhali arasında gərginlik və çaxnaşma yaratmaq, eləcə də Silahlı Qüvvələrimizin hərbi bölmələrinin fəaliyyəti, əməliyyat niyyətləri, yerdəyişmələri və s. barədə məlumatlar toplamaq məqsədilə davamlı fəaliyyət göstərirlər. Qeyd edilən hallarla əlaqədar, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa, düşmən təxribatlarına uymamağa, hərbi sirr təşkil edən və ordumuzun döyüş qabiliyyətinə, yerli əhalinin təhlükəsizliyinə zərər vura biləcək məlumatları yaymamağa çağırır. Anonim profillərlə onlara edilmiş bu qəbil müraciətlər, sosial şəbəkə yazışmaları və mesengerlərlə ötürülən məlumatlara reaksiya verməmək, həmin məlumatları tanış və qohumlar arasında paylaşmamaq tövsiyə edilir. Cəbhədəki vəziyyətlə bağlı yalnız ölkəmizin rəsmi dövlət qurumlarının məlumatlarına istinad edilməsi zəruridir".