“Finca Azərbaycan”-ın pulunu mənimsəyən vəzifəli şəxs həbs olundu - Dələduzluq edirmiş

14:15 - 25.09.2020


25 sentyabr, Fineko/abc.az. Auditorlar Palatasının Gəncə şəhər Auditor təşkilatının direktoru vəzifəsində işləmiş Məmmədov Natiq Həmid oğlunun qanunsuz əməlləri ilə əlaqədar vətəndaşın müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, istintaq tədbirləri ilə Natiq Məmmədovun qeyd olunan vəzifədə işləyərkən 2012-ci ilin fevral ayında Müəllimlər İnstitutunun Qazax fililalının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması zamanı həmin müəssisənin inzibati binasında filialın direktorundan 400 min manat məbləğdə pul vəsaitini rüşvət qismində almasına əsaslı şübhələr yaranıb.

Bundan başqa, Natiq Məmmədovun həmin vəzifədə işləyərkən 2014-cü ilin may ayında “Finca Azərbaycan” Qeyri Bank Kredit Təşkilatına məxsus olan 15 min 600 manat məbləğdə pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə əsaslı şübhələr yaranıb. 24 sentyabr 2020-ci il tarixdə Natiq Məmmədova Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 311.3.4 (rüşvət alma hədə-qorxu tətbiq olunmaqla törədildikdə), 313 (vəzifə saxtakarlığı) və başqa maddələri ilə ittiham elan edilmiş, Binəqədi rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

Bütün xəbərlər