330x110
 

Mətanət Bəkirova : Baker Tilly Academy yeni tədris mövsümü üçün hazırdır

25.09.2020,15:40


25 sentyabr, Fineko/abc.az. Baker Tilly Akademiyasının təlim və inkişaf bölümünün rəhbəri Mətanət Bəkirova şirkətin yaranması, qarşıda duran hədəf və məqsədləri, o cümlədən digər vacib məsələlər barədə ABC.AZ-a müsahibə verib.

Sözügedən müsahibəni sizə təqdim edirik.

 

Baker Tilly Akademiyası necə yarandı?

Azərbaycan bazarında 13 ildən artıq uğurla fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit, və biznes məsləhəti xidmətləri göstərən 5 qabaqcıl məsləhətçi şirkətlərindən biri kimi tanınır. Fəaliyyət göstərdiyi illər ərzində şirkət özünün korporativ sosial məsuliyyət siyasəti çərçivəsində bir sıra sosial, o cümlədən elm və təhsilin inkişafına yönəldilmiş layihələrdə fəal iştirak etmişdir.

Baker Tilly fəaliyyətə başladığı ildən daim xidmət spektrinə yeniliklər gətirmiş və daim müştərilərimizin və əməkdaşlarımızın inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdir. Məsələn, öncə audit və vergi xidmətləri göstərən şirkətimizə daha sonra maliyyə məsləhəti xidmətləri bölümü əlavə edilmiş, 2018-ci ildən etibarən biznes məsləhəti xidmətləri müştərilərimiz üçün təsis edilmişdir. Bu proseslərin davamı olaraq istər əməkdaşlarımızın daim inkişaf etmək və öyrənmək tələbatını qarşılamaq, istərsə də müştərilərimizə günün tələblərinə uyğun olaraq təlimlər verərək onların inkişafına töhfə vermək üçün partnyorlarımız belə bir təşəbbüs irəli sürdülər. Bu sahədə də gördüyümüz işlərin keyfiyyət meyarları baxımından digər xidmətlər kimi bazarda seçiləcəyi və qəbul ediləcəyi ümidi ilə yola çıxdıq və artıq 1 ildən bir qədər çox müddətdir ki, bu sektorda öz yerimizi tuturuq.

 

Təlim və inkişaf sektorunda yaranmış yeni bir şirkət kimi hədəfiniz və missiyanız nədir?

Hədəfimiz əməkdaşlarının peşəkar inkişafı üçün çalışan şirkətlərə, eyni zamanda öz üzərində daima çalışaraq karyerasında yüksəliş əldə etmək istəyən şəxslərə, onların xüsusi ehtiyaclarına uyğun innovativ, yüksək dəyərə malik peşəkar təlim həlləri təqdim etməkdir.

Baker Tilly Akademiyası olaraq missiyamız yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə  təşkilatların ehtiyaclarına uyğun inteqrasiya edilmiş təlim proqramları hazırlamaq və bununla da müştərilərin uğurlarına töhfə verən aparıcı təlim şirkəti olaraq tanınmaq,bundan əlavə, korporativ sosial məsuliyyət proqramı tərkibində şagird və tələbələrə dəstək olmaqdir.

 

“Baker Tilly Azərbaycan”nın audit, vergi və mühasibatlıq, maliyyə və biznesin inkişafı üzrə xidmətlər göstərən bir şirkət oldugunu nəzərə alsaq Akademiyada yalnız bu sahələrə aid təlimlər keçirilir, yoxsa digər sahələr də əhatə olunur?

Xeyr, Akademiyada ümumilikdə maliyyə, mühasibatlıq, biznes, liderlik və idarəetmə, yumşaq idarəetmə bacarıqları, insan resurslarının idarəedilməsi, MS Office proqramları, beynəlxalq sertifikasiya proqramları üzrə təlimlər (ACCA, CIA)  həyata keçirilir. Ziyarətçilərimiz Baker Tilly Akademiyasının  rəsmi saytına daxil olaraq mövcud olan bütün təlimlərlə tanış ola bilərlər.

 

Bəs Akademiyanızda olan təlimçilər necə, hamısı Baker Tilly şirkətində çalışan mütəxəssislərdir?

Xeyr, akademiyamızda fəaliyyət göstərən təlimçilərin müəyyən hissəsi, xüsusən də maliyyə və mühasibatlıq təlimləri üzrə təlimçilər Baker Tilly şirkətində çalışan mütəxəssislər olsa da, digər sahələr üzrə təlimçilər fərqli istiqamətlərdə çalışan və uzunmüddətli təcrübəyə sahib peşəkar mütəxəssislərdir.

 

Bildiyiniz kimi, COVİD-19 pandemiyası ilə əlaqədar olaraq ölkəmizdə hal-hazırda tətbiq edilən karantin qaydalarına görə təlim və təhsil müəssisələrində qrup halında dərslərin keçirilməsi qadağan idi, bəs bu hal sizin fəaliyyətinizə təsir göstərdi?

Əlbəttə, pandemiyanın ən çox təsir etdiyi sahələrdən birinin də təlim və tədris sahəsi olduğunu desək heç də yanılmarıq. Buna baxmayaraq bu mənfi təsirin gücünü nisbətən azaltmaq məqsədilə biz yüksək texnologiyaların yaratdığı imkanlardan faydalanaraq təlimlərimizi “online” formatda keçirdik. Hal-hazırda isə  təlimlərimiz həm “online” formatda həm də canlı şəkildə davam edir

Biz istər “Baker Tilly”nin əsas fəaliyyətində, istərsə də Akademiyada atıq digital sistemlərlə xidmətlərimizdən faydalananlara yaxın olmağı qarşımıza məqsəd qoymuşuq.

Açar sözlər: Baker Tilly