Rəcəb Tayyib Ərdoğan: Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir

16:43 - 28.09.2020


28 sentyabr, Fineko/abc.az. Azərbaycan torpaqlarına hücum edən Ermənistanı bir daha sərt şəkildə qınayıram. Türkiyə bütün imkanları və bütün qəlbi ilə dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcək. Bölgədə sülhün və sabitliyin bərqərar olması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməlidir. Bölgədə Dağlıq Qarabağın işğalı ilə başlayan böhrana son qoyulmalıdır.

ABC.AZ xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən beynəlxalq Şərqi Aralıq dənizi simpoziumunda çıxışı zamanı səsləndirib.

“Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını dərhal tərk etməsi ilə bölgədə sülh və əmin-amanlıq bərqərar olacaqdır”, - deyən Türkiyə Prezidenti bundan başqa çıxış yolunun qanunsuzluq, haqqın və hüququn tapdanması olduğunu vurğulayıb.

Türkiyə dövlətinin başçısı deyib ki, hazırkı vəziyyət bölgədəki bütün böyük dövlətlərə real və ədalətli həll üsullarını tətbiq etmək imkanı verir. Otuz ildir bu problemin həlli üçün heç nə edilməyib. Azərbaycan istər-istəməz öz problemini özü həll etmək məcburiyyətində qalıb və bunun üçün hərəkətə keçib.

Bütün xəbərlər