330x110
 

Hərbi vəzifəlilər döyüşə yola salınır – Prosedur başlanıb

29.09.2020,17:13


29 sentyabr, Fineko/abc.az. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” 28 sentyabr 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiq edilmiş plana uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli struktur bölmələrində hərbi vəzifəlilərin səfərbərlik üzrə yola salınmasına başlanılıb.

Bu barədə ABC.AZ-a Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, qismən səfərbərliyə cəlb edilmiş Azərbaycan vətəndaşları ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün böyük ruh yüksəkliyi və coşqu ilə Xidmətin qeydiyyatda olduqları idarə, şöbə və bölmələrinə gəlirlər.

"Bildiririk ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan birinci dərəcəli hərbi vəzifəlilər əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar 35 yaş, zabitlər isə hərbi rütbəsindən asılı olaraq 50 və daha yuxarı yaş həddində Azərbaycan Ordusunun komplektləşdirilməsinə cəlb edilir, hərbi vəzifəlilərin hərbi hissələrə təhvil verilməsini təmin etmək üçün müvafiq tədbirlər uğurla davam etdirilir”, - deyə açıqlamada qeyd olunub.