330x110
 

Azərbaycan xalqı qəhraman xalqdır ki, sizin kimi övladlar yetişdirib – İlham Əliyev

30.09.2020,17:12


30 sentyabr, Fineko/abc.az. Siz gənc yaşınızda böyük qəhramanlıq, şücaət göstərib, vətən uğrunda şərəflə vuruşub öz adınızı Azərbaycan tarixinə yazdırmısınız.

Eyni zamanda sizi belə vəziyyətdə görmək hamımız üçün çox ağırdır, amma siz əmin ola bilərsiniz ki, sizin sağlamlığınız üçün nə lazımdırsa, onu biz edəcəyik.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev yaralı hərbçilərimizlə görüşü zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, bizim bütün xəstəxanalarda, hərbi hospitallarda hazırda müalicə alan hər bir insan xüsusi qayğıya layiqdir və bütün həkimlər, nəinki həkimlər, bütün xalqımız sizə dəstək olmalıdır.

"Dövlət sizin yanınızda olacaq, bir arzumuz var ki, siz tezliklə sağalıb, normal həyata qayıdıb öz şərəfli missiyanızı davam etdirəsiniz. Sizin kimi gənclər üçün siz nümunə olmalısınız. Azərbaycan xalqı qəhraman xalqdır ki, sizin kimi övladlar yetişdirib. Mən fürsətdən istifadə edib sizin və bizim bütün yaralı hərbçilərimizin, eyni zamanda şəhidlərimizin valideynlərinin qarşısında baş əyirəm, onlara öz adımdan, Azərbaycan xalqı adından təşəkkürümü bildirirəm. Qəhraman övladlar yetişdiriblər. Bütün Azərbaycan xalqı sizinlə qürur duyur. Biz zərəf çalacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” - deyə İ.Əliyev bildirib