Prezidentin köməkçisi Yerevana xəbərdarlıq etdi – Adekvat tədbirlər görüləcək

14:28 - 1.10.2020


1 oktyabr, Fineko/abc.az. Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan ordusunun bu gün yenidən yaşayış məntəqələrimizi atəşə tutub mülki əhalini hədəfə alması, o cümlədən Ermənistan ərazisindən Azərbaycana zərbələr endirməsi barədə bəyanatla çıxış edib.

ABC.AZ xəbər verir ki, həmin Bəyanatda Ermənistan silahlı qüvvələrinin qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrini artilleriyadan atəşə tutması nəticəsində ikisi uşaq olmaqla, 17 nəfər mülki şəxs həlak olub, 51 nəfər yaralandığı bildirilib.

Qeyd olunub ki, dövlət və özəl mülkiyyətə zərər dəyib.

Ölkəmizə qarşı növbəti təcavüz aktı kimi bu gün Ermənistanın Goris rayonu istiqamətindən Azərbaycan ərazisi raket atəşinə məruz qalıb. Bu artıq Ermənistan ərazisindən Azərbaycana qarşı həyata keçirilən ikinci hücum aktıdır. Birinci hücum Ermənistanın Vardenis rayonu ərazisindən həyata keçirilmişdi. Raket zərbəsi nəticəsində məcburi köçkünlər üçün yeni salınmış Cocuq Mərcanlı kəndində 20-yə yaxın evə zərər dəyib.

Ermənistan tərəfinə xəbərdarlıq edirik ki, Ermənistan ərazisindən Azərbaycana qarşı hücumlar dayandırılmadığı halda, atəşi həyata keçirən legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görüləcəkdir.

 

Bütün xəbərlər