Ermənilər bu dəfə Bakı-Tblisi-Ceyhanı hədəf aldı - Baş prokurorluqdan məlumat

22:54 - 6.10.2020


6 oktyabr, Fineko/abc.az. Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə işğalçı ölkənin silahlı qüvvələri 06.10.2020-ci il tarixdə saat 21 radələrində regionun ən böyük strateji layihəsi, Avropanın enerji təhlükəsizliyi sahəsində mühüm yer tutan Bakı-Tblisi-Ceyhan neft kəmərini hədəfə almaqla kəmərin Yevlax rayon ərazisindən keçən hissəsinə raket zərbələri endirsə də, Ordumuzun qətiyyətli tədbirləri nəticəsində həmin terror cəhdinin qarşısı alınıb. Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, bundan başqa, düşmənin 06.10.2020-ci il tarixdə saat 21 radələrində Tərtər rayonunun müxtəlif istiqamətlərdə intensiv atəşə tutması nəticəsində rayonun Qaynaq kənd sakini 1981-ci il təvəllüdlü Məmmədov Həsən Asif oğlu həlak olmuş, həmin kənd sakini 1989-cu il təvəllüdlü Əliyev Dəyanət Qənimət oğlu və Köçərli kənd sakini 1968-ci il təvəllüdlü Həsənov Seyfulla Yaqub oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdir. Hazırda prokurorluq əməkdaşları tərəfindən hadisə yerində zəruri istintaq tədbirləri həyata keçirilir.
Bütün xəbərlər