Kamran Əliyevdan həmkarlarına müraciət – Ermənistan Qarabağa muzdlular göndərir

17:13 - 9.10.2020


9 oktyabr, Fineko/abc.az. Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı müxtəlif cinayətlər törətməsi və həmin cinayətlərdə xarici ölkələrdən gətirilmiş muzdluların iştirak etməsinə dair Azərbaycan Baş Prokurorluğu tərəfindən mötəbər sübutlar əldə edilib.

ABC.AZ-ın məlumatına görə, baş vermiş hadisələrlə bağlı Baş Prokuror Kamran Əliyev tərəfindən həmkarlarına həm birbaşa, həm də diplomatik kanallarla rəsmi müraciət edilib.

Bəyanatda deyilir ki, sentyabrın 27-dən etibarən təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi öz təxribatçı əməllərini davam etdirərək, Cenevrə Konvensiyaları və ümumilikdə beynəlxalq hüquqdan irəli gələn müvafiq öhdəliklərini kobud şəkildə pozur. Azərbaycan Ordusunun təsirli cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri əhəmiyyətli sayda canlı qüvvə itkisi ilə üzləşdiyinə görə ölkənin hərbi-siyasi rəhbərliyinin çağırışı əsasında xarici ölkələrdə yaşayan erməni diasporası tərəfindən muzdluların Azərbaycan Respublikasının silahlı qüvvələrinə qarşı döyüşmək məqsədilə Dağlıq Qarabağa göndərilməsi təşkil olunur.

Bu hərəkətlər beynəlxalq hüquq normalarına zidd olmaqla, eyni zamanda Azərbaycanın və xarici dövlətlərin qanunvericiliyə əsasən cinayət hesab olunur və beynəlxalq təhlükəsizliyin pozulmasına şərait yaradan təhlükəli amildir.

Bundan başqa, Baş Prokurorluq tərəfindən ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərə qarşı kəsərli cinayət-hüquqi tədbirlərinin tətbiqi davam etdirilir.

 

Bütün xəbərlər