Ermənistanın daha bir ballistik raket kompleksi məhv edildi – Rəsmi

09:58 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Bu gün saat 8:36 radələrində Ermənistanın Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələri növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edilib.

Müdafiə Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənib.

Mülki insanların təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər qabaqlayıcı dəqiq zərbə ilə sıradan çıxarılıb.

Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də dəqiq zərbə ilə məhv edilib. Raketlərin atəş vəziyyətinə gətirildiyi məntəqələrdə hər hansı mülki infrastruktur və obyektlər olmayıb.

 

Bütün xəbərlər