Bəzi dövlətlər vətəndaşlarının erməni ordusuna qoşulmaması üçün tədbirlər görür

14:27 - 14.10.2020


14 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusuna muzdluların cəlb edilməsinə münasibət bildirib.

ABC.AZ-ın məlumatına görə, H.Hacıyev bir sıra Avropa dövlətləri qeyri-qanuni silahlı qruplaşmalara qoşulmalarına görə öz vətəndaşlarına qarşı ciddi tədbirlər gördüyünü bildirib.

Prezidentin köməkçisi nümunə göstərməyi də unutmayıb:

"Misal üçün, cari ilin iyul ayının əvvəllərində Fransada İŞİD tərkibində döyüşlərdə iştirak etmiş Tyler Vilus adlı şəxs 30 il müddətinə azadlıqdan məhrum edilib. Amma Xocalı soyqırımında iştirak etmiş Qilbert Minassyan adlı Fransa vətəndaşı Liberation qəzetinə müsahibəsində Fransa vətəndaşlarını muzdlu kimi Azərbaycana qarşı döyüşlərdə iştirak etmək üçün səfərbər etdiyini bildirib. Son hərbi əməliyyatlar başlamazdan öncə də Ermənistan silahlı muzdluların, terroristlərin işğal olunmuş Azərbaycan ərazilərinə gətirilməsini təşkil edirdi. Xaricdən silahlı muzdluların gətirilməsi Ermənistanda müdafiə haqqında qanuna dəyişikliklərin edilərək könüllülərin müdafiəyə cəlb olunması məsələsinin müzakirəsi zamanı daha da aydın oldu. Bu addımla Ermənistan könüllülər adı altında faktiki olaraq digər ölkələrdən silahlı muzdluları və terrorçuları öz ordusuna cəlb etmək məqsədi güdür".

 

Bütün xəbərlər