330x100
 

Türkiyə və Azərbaycan bir-birinə ən yaxın ölkələrdir – İlham Əliyev

19.10.2020,14:44


19 oktyabr, Fineko/abc.az. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır və ağır günlərdə biz bir-birimizin yanındayıq.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev oktyabrın 19-da Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Dövlət başçısı daha sonra sözlərinə belə davam edib: "Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər bu açıq mövqe göstərilməsəydi, bu gün başqa qüvvələr bu işlərə qarışa bilərdi. Onsuz da Ermənistanın məqsədi bundan ibarətdir, onlar bu münaqişənin coğrafiyasını genişləndirmək istəyirlər və çox yanlış yoldadırlar. Çünki görürlər ki, bizim qarşımızda təkbaşına duruş gətirə bilmirlər. Döyüş meydanında biz onları məğlub edirik. Hər gün cəbhədən çox gözəl xəbərlər gəlir. Bu gün səhər mən yeni kəndlərin azad edilməsi haqqında məlumat vermişəm. Azərbaycan Ordusu zəfər marşındadır və qarşımızda duran bütün vəzifələr yerinə yetirilir.

Türkiyə dövlətinin və xalqının dəstəyi xüsusi önəm daşıyır. Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir. Dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın ikinci ölkə tapmaq mümkün deyil. Hər zaman bir-birimizin yanındayıq. Bundan sonra da belə olacaq. Həm Türkiyə Böyük Millət Məclisinin açıqlamaları, Sizin, hörmətli cənab Sədr, açıqlamalarınız, nazirlərin açıqlamaları, Türkiyədən adi vətəndaşlardan mənə gələn məktublar böyük həmrəyliyin təzahürüdür".