Xudafərin ildə 368 milyon kVt-saat elektrik enerjisi istehsal etmək imkanı yaradacaq – Pərviz Şahbazov

11:02 - 20.10.2020


20 oktyabr, Fineko/abc.az. "Xudafərin" hidroqovşağı Azərbaycana ildə 368 milyon kVt-saat elektrik enerjisi istehsal etməyə imkan verəcək.

ABC.AZ xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O qeyd edib ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses də davam edir.

Nazir hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanıldığını vurğulayıb:

“Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

“Xudafərin” hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, “Qız Qalası” hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

“Xudafərin” hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər