Dörd bankın əmanətçisinə 547 milyon manatdan çox kompensasiya ödənilib

16:48 - 26.10.2020


26 oktyabr, Fineko/abc.az. Oktyabrın 23-nə Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən bağlanmış "AG Bank", "Amrah Bank", "NBC Bank" və "Ata Bank" üzrə 23 min 370 əmanətçiyə 547 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

ABC.AZ Əmanətlərin Sığortalanması Fonduna istinadla xəbər verir ki, bu il iyunun 16-dan oktyabrın 23-dək ləğv prosesində olan "AG Bank" və "NBC Bank"ın əmanətçilərinə "Azərbaycan Beynəlxalq Bankı" tərəfindən 195,89 milyon manatdan çox kompensasiya ödənilib.

"AG Bank" üzrə 4313 əmanətçiyə 81,25 milyon manat, "NBC Bank" üzrə isə 4023 əmanətçiyə 114,63 milyon manatdan çox kompensasiya ödənilib.

İyunun 1-dən oktyabrın 23-dək "Kapital Bank" tərəfindən "Amrah Bank" və "Ata Bank"ın əmanətçilərinə 351,19 milyon manatdan çox kompensasiya ödənişi həyata keçirilib.

Hesabat dövründə "Amrah Bank" üzrə 5642 əmanətçiyə ödənilən kompensasiyanın məbləği 133,59 milyon manat, "Ata Bank" üzrə 9392 əmanətçiyə isə 217,6 milyon manat təşkil edib.

 

Bütün xəbərlər