Prezident İlham Əliyev: Bizim cavabımız sərt oldu, amma onlar buna layiq idilər

15:02 - 31.10.2020


31 oktyabr, Fineko/abc.az.  Birinci atəş açan Ermənistandır və bizim sübutlarımız var. Çünki mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz oldu. İkinci cəhd avqust ayında baş verdi. Ermənistan mülki şəxslərə hücum etmək üçün diversiya qrupu göndərdi. Üçüncü dəfə sentyabrın 27-də təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik.

Prezident İlham Əliyev bu barədə oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində müharibənin necə başladığın izah edərkən bildirib.

Azərbaycan Ordusunun arsenalındakı İsrail dronları məsələsinə də aydınlıq gətirən dövlət başçısı deyib: “İsrail dronları bizdə artıq uzun illərdir ki, var. Yeri gəlmişkən, onların bəziləri Ermənistanın işğal olunmuş bəzi torpaqlarımızın işğaldan azad edilməsi zamanı başladığı təxribata qarşı 2016-cı ildə istifadə olunmuşdur. Lakin o toqquşma Ermənistan dayandığına görə bir neçə gün davam etdi. Onlar bu dəfə də dayansaydılar, biz də dayanardıq. Lakin onlar dayanmadılar”.

Prezident qeyd edib ki, erməni tərəfi Azərbaycana böyük ziyan vurmaq istəyirdi. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var. “Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Bütün xəbərlər