330x100
 

Azərbaycan Prezidenti: Bizdə “Amnesty International” və “Human Rights Watch”ın qərəzliliyi ilə bağlı böyük şübhələr var

31.10.2020,15:06


31 oktyabr, Fineko/abc.az.  Biz “Amnesty International” və “Human Rights Watch” təşkilatlarını Azərbaycana dəvət etmişik. Əfsuslar olsun ki, onlar hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Onlar bura gəlmək üçün bizə müraciət etməyiblər. Ona görə bizdə onların qərəzliliyi ilə bağlı böyük şübhələr var.

Prezident İlham Əliyev bu fikirləri oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində “Amnesty International” və “Human Rights Watch” təşkilatlarının mövqeyini şərh edərkən səsləndirib.

Dövlət başçısı sözünə davam edərək deyib: “Onlar bizim “Nəyə görə buraya gəlmirsiniz?” dediyimizə görə gəlirlər. Biz onlara “xahiş edirik, buraya gəlin” müraciətini etdikdən sonra onlar gəlməyə razılıq verdilər. Lakin onlar birinci növbədə niyə gəlmədilər?”.

Prezident qeyd edib ki, ballistik mərminin buraxılışı peykdən görünür. Heç kim deyə bilməz ki, Azərbaycan Dağlıq Qarabağda və ya Ermənistanda mülki şəxslərin yaşadığı istənilən yerə ballistik raket atıb. “Mən istərdim ki, onlar buraya gəlsinlər və o dəlilləri təqdim etsinlər. Eyni zamanda, Gəncəyə, Tərtərə, Bərdəyə getsinlər və ermənilərin hansı növ silahlardan istifadə etdiklərini görsünlər. Qərəzsiz olsunlar”, - deyə Prezident İlham Əliyev əlavə edib.

Onların Ermənistanda insan haqlarının pozulması ilə bağlı heç vaxt heç bir şərh vermədiklərini vurğulayan dövlətimizin başçısı deyib ki, sıralarında erməni əsilli insanların olduğu bu təşkilatlardan əsasən Azərbaycanın imicinə xələl gətirmək üçün istifadə olunur: “Lakin buna baxmayaraq, biz onları dəvət etdik, qoyun, onlar gəlsinlər və gördüklərini desinlər”.