Azərbaycan İsveçrə şirkətinə qarşı cinayət işi açdı – Rəhbəri axtarışa verildi

12:21 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Azərbaycanın işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işləri başlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a daxil olan məlumata görə, həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.

Belə ki, istintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan «Base Metals» Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Qeyd edilən cinayət faktları ilə əlaqədar “Vallex Group” şirkətlər qrupunun maliyyə investoru, İsveçrə Konfederasiyasının vətəndaşı Vartan Sirmakes və rəhbəri Valeriy Mejlumyan, o cümlədən həmin şirkətlər qrupuna daxil olan “Base Metals” QSC-nin icraçı direktoru Artur Mkrtumyan Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barələrində məhkəmənin müvafiq qərarları ilə qiyabi həbs seçilməklə istintaq orqanı tərəfindən beynəlxalq axtarış elan edilib.

 

Bütün xəbərlər