Pakistan, Əfqanıstanın da hökumət başçıları bizə dəstək göstərdilər – İlham Əliyev

15:12 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Müharibənin ilk günlərindən biz Türkiyənin və digər qardaş, dost ölkələrin dəstəyini hiss edirik. Bildiyiniz kimi, Türkiyə Respublikasının Prezidenti, mənim əziz qardaşım bizə ilk dəstək verdi, çox əhəmiyyətli bəyanatlar verdi. Demişdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Ondan sonra digər dost, qardaş ölkələrin dövlət və hökumət başçıları – Pakistan, Əfqanıstan və digər dövlətlərin dövlət və hökumət başçıları bizə dəstək göstərdilər.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

"Şadam ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bizə dəstək göstərib və Şuranın çox önəmli bəyanatı olub. Bu, türkdilli ölkələr arasındakı birliyin, həmrəyliyin təzahürüdür. Eyni zamanda, deyə bilərəm ki, Azərbaycan dünya miqyasında da çox böyük dəstək alıb. Qoşulmama Hərəkatı 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra ikinci böyük beynəlxalq təsisatdır və İslam Əməkdaşlıq Təşkilatı da bizə dəstək göstərib. Bu, əlbəttə, bir daha onu göstərir ki, bizim işimiz haqq işidir, biz öz ərazi bütövlüyümüzü bərpa edirik, öz ərazimizdə müharibə aparırıq, eyni zamanda, bu təşkilatlarda cəmləşən ölkələrin Azərbaycana olan münasibətinin əlamətidir" deyə dövlət başçısı vurğulayıb.

 

Bütün xəbərlər