Ermənistan çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir – İlham Əliyev

15:29 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Bizim bütün tarixi, dini abidələrimiz dağıdılıb, təhqir edilib.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, ermənilər Zəngilan rayonunda, işğal edilmiş ərazilərdəki məsciddə donuz saxlayırdılar, bu videogörüntülər internetdə var və bu, bütün müsəlman aləmini hiddətləndirir.

"Bu, bir daha onu göstərir ki, Ermənistan dövləti bütün müsəlman aləminə nifrətlə yanaşır, əks-təqdirdə belə alçaq hərəkətlər baş verməzdi. Əlbəttə ki, bütün müsəlman dünyası bir daha görür ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Döyüş meydanında bizim qabağımızda dayana bilməyən Ermənistan şəhərlərimizi, kəndlərimizi hər gün atəşə tutur. Bu gün səhər mənə verilən məlumata görə səhər saat 6-dan, - indi saat 9-a beş dəqiqə qalır, - bizim şəhər və kəndlərimizə 200-dən çox mərmi atılıbdır. Bu bir ay ərzində namərd atəş nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır, 404 mülki şəxs yaralanıbdır və 2 mindən çox ev dağılıbdır. Ermənistan maksimum çox insanı öldürmək üçün qadağan olunmuş silahlardan istifadə edir. Bizim isə intiqamımız döyüş meydanındadır. Bunu mən dəfələrlə bildirmişdim, demişdim ki, biz intiqamımızı döyüş meydanında alacağıq və alırıq. Düşməni qovuruq və sona qədər qovacağıq" deyə İ.Əliyev qeyd edib.

 

Bütün xəbərlər