Biz region üçün böyük təhlükə olan erməni faşizminin belini qırırıq – Prezident

15:38 - 2.11.2020


2 noyabr, Fineko/abc.az. Ermənistana üç dəfə şans verildi. Bizim ordumuzun uğurlu əməliyyat keçirməsinə baxmayaraq, biz beynəlxalq vasitəçilərin təkliflərinə hörmətlə yanaşaraq üç dəfə atəşkəslə bağlı razılığa gəldik. Üç dəfə də Ermənistan bunu kobudcasına pozdu.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyevi və onun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, birinci dəfə Gəncəni ballistik raketlərlə bombalaması ilə, ikinci dəfə atəşkəsdən 4-5 dəqiqə keçəndən sonra atəşkəsi pozdu.

"Üçüncü dəfə isə Bərdəyə “Smerç” raketi ilə atəşin açılması nəticəsində 21 insan həlak olmuş, 70 insan yaralanıb. Gəncəyə isə iki ballistik raketlə atəş nəticəsində 30-a yaxın insan həlak olub. Bax bu, erməni faşizminin eybəcər sifətidir. Biz nəinki öz torpaqlarımızı düşməndən azad edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq və bunu davam etdirəcəyik. Heç kim bizim qabağımızda dura bilməz, heç kim bizi bu yoldan çəkindirə bilməz. Bununla yanaşı, mən dəfələrlə demişəm və bu, mənim mövqeyimdir, əgər Ermənistan, misal üçün, bu gün atəşi dayandırsa və danışıqlar masası arxasında konstruktiv mövqe nümayiş etdirsə, qalan torpaqlarımızdan qoşunların çıxarılması ilə bağlı üzərinə konkret öhdəlik götürsə, biz dayanmağa hazırıq. Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər" deyə Prezident qeyd edib.

 

Bütün xəbərlər