Bu ayın sonuna qədər onlar bütün torpaqlardan çəkilməlidirlər – İlham Əliyev

10:35 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. Bu gün səhər əziz qardaşım, cənab Prezident Rəcəb Tayyib Ərdoğanla telefonla danışdıq, söhbət etdik, bu böyük qələbə münasibətilə bir-birimizi təbrik etdik.

Eyni zamanda, gələcək işlər haqqında fikir mübadiləsi aparıldı.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, Türkiyə Prezidenti ilə söhbət zamanı Türkiyə-Rusiya birgə atəşkəsə nəzarət mərkəzinin fəaliyyəti ilə də bağlı fikir mübadiləsi aparılıb.

İ.Əliyev qeyd edib ki, bu da çox önəmli addımdır.

"Bu, bölgədə iş birliyinin yeni formatıdır. Biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Çünki erməni silahlı qüvvələrinin torpaqlarımızdan çıxarılmasının artıq cədvəli var. Bu ayın sonuna qədər onlar bütün torpaqlardan, hələ də işğal altında olan torpaqlardan çəkilməlidirlər".

 

Bütün xəbərlər