Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların ziyanı hesablanacaq – Prezident

16:50 - 11.11.2020


11 noyabr, Fineko/abc.az. İşğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz.

ABC.AZ xəbər verir ki, bunu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə qeyd edib.

Dövlət başçısı bildirib ki, indi biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər.

"Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər” deyə İ. Əliyev qeyd edib.

 

Bütün xəbərlər