Nazirlik whatsapp istifadəçilərini xəbərdar etdi – Kiberhücumlardan qorunun

14:23 - 16.11.2020


16 noyabr, Fineko/abc.az. Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “WhatsApp Inc.” şirkəti adından həyata keçirilən “fişinq” kampaniyaları barədə xəbərdarllq edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, kiberdələduzlar istifadəçiləri “tələ”yə salmaq və fərdi məlumatlarını ələ keçirmək məqsədilə onlara “WhatsApp” üzərindən saxta mesajlar göndərir.

"Göndərilən mesajlarda istifadəçinin mobil nömrəsinin guya “WhatsApp” tərəfindən “COVID-19“- la bağlı həyata keçirilən kampaniyada qalib gəldiyi və 700 min ABŞ dolları məbləğində pul mükafatına layiq görüldüyü bildirilir. Həmin mükafatı almaq üçün istifadəçidən mesajda göstərilən qeydiyyat nömrəsini [email protected] elektron poçt ünvanına göndərməsi istənilir.

Məlumata etimad edib həmin e-poçta yazan istifadəçiyə “WhatsApp Inc.” adından mobil nömrəsinin şanslı nömrə olaraq seçilməsi ilə bağlı təbrik göndərilir və ödənişin köçürülməsi üçün ad, soyad, yaşadığı ölkə, milliyyəti, cinsi, ailə vəziyyəti kimi fərdi məlumatlarını təqdim etməsi istənilir.

Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan hər mesaja şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır" deyə məlumatda vurğulanıb.

 

Bütün xəbərlər