330x100
 

Dünyanın aparıcı mərkəzi bankları nə üçün rəqəmsal valyutaları tətbiq edirlər - “Yeni dünya” necə olacaq ?

17.11.2020,11:00


17 noyabr, Fineko/abc.az.  2007-ci il böhranından sonra hələ də özünə gələ bilməyən qlobal iqtisadiyyatda tənəzzül prosesi davam edir. Bu böhrandan faiz dərəcələrinin azaldılması yolu ilə, qeyri-məhdud həcmdə pul kütləsinin “çap edilməsi” və dünya borcunun nəzarətsiz artması hesabına çıxmaq cəhdləri iqtisadi vəziyyəti daha da ağırlaşdırır. Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, 2020-ci ildə dünya üzrə ÜDM 4,9% azalıb 2020-ci ilin sonunda təxminən 84-85 trilyon dollara çatacaq, dünya üzrə borcun məbləği isə 260 trilyon dollardan çox olacaq. 2007-ci ildən bu günə qədər ÜDM artımı 33 faizə, analoji dövr üçün dünya borcunun artımı isə 160 faizə bərabər olub. Başqa sözlə, dünya borcu iqtisadiyyatdan 5 dəfə sürətlə artır, pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlər isə vəziyyəti daha da gərginləşdirərək, hətta ən böyük və davamlı şirkətləri belə sıradan çıxarır, bəzi sənaye sahələri məhv olmaq həddindədir. Gəlin birlikdə anlamağa çalışaq: nəyə görə koronavirus təməl daşı olub və artıq ən yaxın illərdə bəşəriyyəti hansı fundamental dəyişikliklər gözləyir.

 

Tarixən qlobal böhrandan çıxış və maliyyə sisteminin “sıfırlanması” üçün genişmiqyaslı müharibələr aparılırdı. Müasir hərbi texnologiyalar dövründə isə dünya vuruşmaq istəməyəcək. İkinci Qarabağ müharibəsinin nümunəsi belə güman etməyə tam əsas verir ki, müasir texnologiyalar tətbiq edilməklə aparılan müharibə ildırım sürətli olacaq və böyük dağıntılara gətirib çıxaracaq. Düşməni texnoloji baxımdan əhəmiyyətli dərəcədə üstələyən Azərbaycan ordusu onu darmadağın etdi və 1990-cı illərin əvvəlində 4 il ərzində düşmən tərəfindən tutulmuş ərazilərin çox hissəsini cəmi bir neçə həftə ərzində işğaldan azad etdi.

1990-cı illərin əvvəlində SSRİ dağılandan sonra Ermənistan tərəfindən dəstəklənən terror rejimi Azərbaycanın gediş-gəliş  çətin olan dağlıq hissəsində respublikamızın ərazisinin 20 faizini işğal etmiş və öz müdafiə mövqelərini möhkəmlətmişdi. Yüksək dəqiqlikli müasir hərbi texnologiyaları və dünya nüvə arsenalının cari potensialını nəzərə alsaq, indiki dövrdə genişmiqyaslı müharibə, demək olar ki, istisna olunur. Belə “sıfırlanma”dan sonra dünya iqtisadiyyatı, ehtimal ki, orta əsrlər dövrünə qayıdacaq. Deməli, genişmiqyaslı müharibə çıxış yolu deyil.

 

Lakin əgər müharibə istisna olunursa, hədsiz borclarla yüklənmiş dünya maliyyə sistemini necə “sıfırlaşdırmalı”? Bax bu məqamda koronavirus pandemiyası “pul sahibləri” üçün çox münasib bir fürsət oldu. Başqa sözlə, əgər koronavirus əslində olmasaydı, onu uydurmaq lazım gələrdi. Görünür, müxtəlif mutasiyalarda təzahür edən koronavirus pandemiyası hələ bir müddət bizimlə qalacaq. Daimi “lokdaun”lar onsuz da diz sökmüş dünya iqtisadiyyatının axırına çıxacaqlar. “Məğlubedilməz” koronavirus elə bir əbədi mövzudur ki, siyasətçilər və hökumətlər sistem xarakterli iqtisadi problemləri həll etmək əvəzinə yeni kreditlər almaq üçün bu məsələ ilə məşğul olacaqlar. Hərçənd, həqiqətdə heç kəs onsuz da imkanları ümidsizcəsinə tükənmiş sistemi düzəltməyə hazırlaşmır – onun “son şirəsi sıxılıb çıxarılır”.

Eyni zamanda, dünyamız yüksək texnologiyalar, rəqəmsallaşma və avtomatlaşma dövrünə qədəm qoyur, bu şəraitdə adi insanın rolu azalaraq minimuma yaxınlaşır. Robotlar və avtomatlaşdırma prosesi praktik olaraq bütün sferalardan insanları sıxışdırıb çıxarmaqda davam edir. İnsan əməyinə ehtiyac azalır və hətta dahilərin də gücü çatmayan məsələlər müasir kompüterlərin köməyi ilə həll edilir. Bu tərəqqi dünyamızı get-gedə artan sürətlə rəqəmsal iqtisadiyyat və virtual həyat tərzi dövrünə aparır, koronavirus pandemiyası isə yuxarıda göstərilən prosesi sürətləndirir, bəşəriyyəti “fiziki reallıq”dan uzaqlaşdırır. İnsan zəkasının və insan əməyinin məhsullarına tələbat get-gedə azalır, bu məhsullar “yeni dünya” üçün gərəksiz yükə çevrilir.

 

Eyni zamanda, dünya iqtisadiyyatını və onun maliyyə sistemini “dərin quyuya salmış” hökumətlərin və siyasətçilərin nüfuzu hədsiz dərəcədə azalıb. Buna ən sadə sübut odur ki, dünya ölkələrinin məcmu borcu dünya iqtisadiyyatının (ÜDM-in) həcmini 3 dəfədən çox üstələyir. Dünyada qeyri-bərabərlik dərinləşməkdə davam edir: planetimizdəki 6,9 milyard sakinin 1 faizini təşkil edən ən zəngin insanların malik olduğu sərvət qalan bütün adamların malik olduğu məcmu sərvətdən 2 dəfə çoxdur. Koronavirus pandemiyası ilə əlaqədar artan işsizlik və dərinləşən iqtisadi böhran fonunda hökumətlər öz əhalisinə təmənnasız yardım göstərmək üçün başqa bir ifrat tədbirə — “helikopter pulu” siyasətinə əl ataraq, ağır şərtlərlə kredit götürməyə məcbur olurlar. Əlbəttə, öz vətəndaşlarına kömək etmək heç də pis niyyət deyil, amma, təəssüf ki, bu məqsədlə kredit götürən ölkələrin əksəriyyəti ya tədiyə qabiliyyəti olmayan, ya da tezliklə bu vəziyyətə düşən ölkələrdir. Məsələn, dünyada ən böyük iqtisadiyyatın (dünya üzrə ÜDM-in təqribən 25 faizi) və aparıcı ehtiyat valyutanın sahibi olan ABŞ-ın dövlət borcu 2020-ci ilin əvvəlindən bu günədək 20 faiz artaraq, 27 trilyon dolları aşıb, bu ölkənin ÜDM-i isə azalaraq 21,2 trilyona düşüb. Buna baxmayaraq, avrozona, Böyük Britaniya, Yaponiya, Çin və başqa aparıcı ölkələr təlaş keçirir, dünya iqtisadiyyatının “ürəyinin dayanmaması” üçün bir neçə trilyonluq stimullaşdırma paketlərini təsdiq edirlər. Amma quyuya su tökməklə quyu sulu olmadığı kimi, dünya iqtisadiyyatını da daim artan kreditlər hesabına bərpa etmək mümkün deyil.

 

Görünür, “pul sahibləri” olan mərkəzi banklar bu ağılsızlığa son qoymağa çalışırlar. Son illərdə dünyanın aparıcı iqtisadiyyatlarının dövlət borclarının əsas alıcıları məhz “pul sahibləri” olub. Dünyanın 5 ən böyük mərkəzi bankının (ABŞ Federal Ehtiyatlar Bankı, Avropa Mərkəzi Bankı, İngiltərə Bankı, Yaponiya Bankı və İsveçrə Milli Bankı) balansı 2007-ci ildən bu günə qədər 6 dəfədən çox artıb və praktiki olaraq 26 trilyon dollara çatıb. Bu özbaşınalığı itaətkarlıqla maliyyələşdirmək niyyətində olmayan “pul sahibləri”  işlərini ehtiyatlı görürlər. Məsəl var, deyərlər, “pulu kim ödəyirsə, musiqini də o kəs sifariş edir”. Mərkəzi Bankların tələsik rəqəmsal pulları tətbiq etməsinə səbəb budur. Məsələn, ABŞ Federal Ehtiyatlar Bankı rəqəmsal dollar buraxılışını planlaşdırır. Belə pullar vətəndaşlara maliyyə köməyini birbaşa, yəni hökumətləri və kommersiya banklarını bu işə cəlb etmədən həyata keçirməyə imkan verəcək. Başqa sözlə, ABŞ hökuməti stimullaşdırma paketini Konqresdən keçirməli və bu məqsədlə yenidən borc almalı olmayacaq. Vətəndaşlar bilavasitə Federal Ehtiyatlar Bankında hesablar açacaq, rəqəmsal dollarlar bu hesablara hər hansı vasitəçilərin iştirakı olmadan əlavə olunacaq. Çin Xalq Bankı artıq rəqəmsal yuanlar buraxıb, başqa aparıcı mərkəzi banklar da öz rəqəmsal pullarını buraxmağa hazırlaşırlar.

Rəqəmsal pulların tətbiqi sayəsində mərkəzi banklar mütləq mənada sahibkar olacaqlar. Amma unutmaq lazım deyil ki, “hakimiyyət əxlaqı pozursa, mütləq hakimiyyət əxlaqı tamamilə pozur”. Mərkəzi Banklar hökumətlərdən asılı olmayacağı təqdirdə onlar heç nə ilə təmin edilməyən qeyri-məhdud həcmdə rəqəmsal pullar yarada biləcəklər. Bu halda kim zəmanət verə bilər ki, mərkəzi banklar da vaxtilə hökumətlərin getdiyi və dünya iqtisadiyyatının acınacaqlı vəziyyətə düşməsi ilə nəticələnmiş yolu getməyəcəklər? Nə qədər ki, təmin edilməmiş pul yaratmaq imkanı var – istər konvensional kağız pul olsun, istərsə də rəqəmsal pul - dünya iqtisadiyyatının və onun maliyyə sisteminin artımına və sabitliyinə nail olmaq mümkün deyil. Rəqəmsal pullar “hər dərdin əlacı” deyil, onlar yalnız qüvvələr balansını dəyişməyə və qaçılmaz prosesı bir qədər təxirə salmağa imkan verə bilər. Təmin edilməmiş rəqəmsal pullar yaratmaqla problemləri asan yolla həll etmək niyyəti hökmən inflyasiyanın artmasına və dünya iqtisadiyyatının tənəzzülünə gətirib çıxaracaq. Nəticədə hökumətlər olub-qalan etibarını da itirəcək, mərkəzi banklar isə bu nəticəyə gələcəklər ki, istər kağız pul, istərsə də rəqəmsal pul real iqtisadiyyatı və qızılla təmin edilmiş real pulu əvəz etməyəcək. Buna görə də nə qədər ki, biz fiziki dünyada yaşayırıq, qayğısız həyat, rəqəmsal pul sona qədər reallaşdırılmamış konsepsiyalar kimi qalacaqlar.

 

Əlbəttə, biz gələcəyin necə olacağını deyə bilmərik, amma onun konturları artıq indidən görünür. Borcların nəzarətsiz artımı, təmin edilməmiş rəqəmsal pulların tətbiqi və başqa asan yollar möhkəm iqtisadiyyat və sabit maliyyə sistemi yaratmağa imkan verməyəcək. Ədalətli cəmiyyət qura bilmiş, real iqtisadiyyata fiziki qızıl şəklində real sərmayə qoya bilən ölkələr “yeni dünya”ya inamla qədəm qoyacaqlar. Dünya borcunun sürətlə artması fonunda qızılın qiyməti təkcə son 2 il ərzində 50 faiz artmışdır və bu gün tarixi maksimum (bir troya unsiyasına görə 1900-2000 dollar) həddində dəyişir. Qızılın dəyərinin 50 faiz artması o deməkdir ki, dünyanın aparıcı ehtiyat valyutaları öz alıcılıq dəyərini itirməkdə davam edir, təmin edilməmiş rəqəmsal pulun tətbiq edilməsi isə sistemin “yenidən yüklənməsi”ni yaxınlaşdıraraq bu prosesi sürətləndirəcək. Amerikanın aparıcı bankları artıq 2021-ci ildə qızılın bir troya unsiyasının qiymətinin 3000 dollar olacağını proqnozlaşdırırlar və bu, yalnız başlanğıcdır. “Yeni dünya”nın pul-kredit sistemi hökmən qızıl ilə təmin edilmiş pul əsasında yaradılacaq, belə pulları isə sonsuz miqdarda yaratmaq mümkün deyil. Axı son 5 min ildə heç bir hökumət və heç bir bank “qızıl çap etməyi” bacarmayıb. Sonda sağlam düşüncə və qızıl ilə təmin edilmiş real pul qalib gələcək.

P.S.: Bu məqalə sərmayədarlıq fəaliyyətinə dair məsləhət deyil, hər bir investor sərmayə qoymazdan əvvəl mütəxəssislə məsləhətləşməli və ya özü müvafiq analiz aparmalıdır.

 

Rəşad Hacıyev

Maliyyə və investisiyalar sahəsində ekspert

YouTube-kanal — RM Capital Analytics: Rashad Hajiyev

www.rmcapitalanalytics.com