330x100
 

Başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı – İlham Əliyev

18.11.2020,16:08


18 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi Prezident İlham Əliyev Niderland Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri xanım Paulin Eizemanın etimadnaməsini qəbul edərkən  Niderland parlamentinin Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan, Azərbaycanın əleyhinə və həmçinin Türkiyənin əleyhinə olan qərar qəbul etməsi məsələsinə toxunub.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı qəbulda ona Azərbaycan və Türkiyə ilə bağlı müzakirələrdə Niderlandın xarici işlər nazirinin daha balanslaşdırılmış yanaşma ilə çıxış etdiyini məlumat verdiklərini bildirib: "Lakin parlamentin belə balanslaşdırılmamış və ədalətsiz bir qərarı qəbul etməsi faktı əlbəttə ki, bizə daha yaxın əlaqələr qurmağa kömək etməyəcək. Əvvəla, dünən bu qərarın qəbul olunması faktını nəzərə alaraq demək istəyirəm ki, Ermənistan bizə hücum etdi. Biz özümüzü müdafiə edirdik və bunun nəticəsində biz beynəlxalq hüququn norma və prinsiplərinə əsasən və tarixə əsasən özümüzə məxsus olan əraziləri azad edə bildik. Bizim mübarizəmiz azadlıq, ərazilərin azad edilməsi uğrunda mübarizə idi və mübarizəmiz böyük hərbi və siyasi uğurla başa çatdı. Sizin də bildiyiniz kimi, noyabrın 10-da müharibəyə son qoyan üçtərəfli bəyanat imzalanmışdır. Buna görə mənə çox qəribə gəldi ki, bundan sonra - Ermənistanın kapitulyasiyası olan bu bəyanatı onun özü imzaladıqdan sonra regionumuzdan uzaqda yerləşən bir ölkədə belə bir qərar qəbul edildi. Yəqin siz də bilirsiniz ki, regional ölkələr bu bəyanatı dəstəkləyiblər. Bütün qonşularımız bu bəyanata dəstəyini ifadə ediblər. Qonşularımızdan ikisi - Rusiya və Türkiyə azərbaycanlıların və ermənilərin təhlükəsizliyini təmin edəcək əməliyyatlarda iştirak edəcək. Odur ki, hesab edirəm, başqa tərəfdənsə bizim tərəfimizdə olmağınız daha ədalətli olardı".