Semyon Peqovla bağlı Rusiyaya müraciət edildi

17:23 - 20.11.2020


20 noyabr, Fineko/abc.az. Azərbaycan Baş Prokurorluğu Semyon Peqovun cinayət məsuliyyətinə cəlb edilməsinə yardım göstərilməsi üçün Rusiya Baş Prokurorluğuna müraciət edib.

Baş Prokurorluqdan ABC.AZ-a erilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində “WarGonzo” layihəsinin müəllifi Rusiya vətəndaşı Semyon Vladimiroviç Peqovun “SolovyovLive” verilişində Yaxın Şərq və Orta Asiya Araşdırmaları Mərkəzinin direktoru Rusiya vətəndaşı Semyon Arkadeviç Baqdasarovla “Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi” mövzusunda birgə apardıqları videoformatlı müzakirə zamanı ermənilərin məğlubiyyətlə barışmayaraq Qarabağdakı Azərbaycan əsgərlərinə hücumlar edilməsi, müxtəlif döyüş əməliyyatlarının hazırlanması, partizan müharibəsinin başlayacağı barədə proqnozlar vermələri, bununla bağlı müəyyən məlumatlarının olması və müxtəlif üsullarla təxribat xarakterli ifadələrə yol vermələri  müəyyən edilib.

Semyon Peqovun Azərbaycan Respublikasının dövlət sərhədini sənədlər olmadan qanunsuz keçməsi, ölkəmizin ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etməsi faktına dair Cinayət Məcəlləsinin müvafiq maddələri ilə istintaqı aparılan cinayət işinə əlavə edilməklə istintaq yolu ilə araşdırılması davam etdirilir.

Göstərilən xüsusatlarla əlaqədar cinayət işinin istintaqı çərçivəsində Rusiya Federasiyasının Baş Prokurorluğuna zəruri istintaq hərəkətlərinin keçirilməsi xahiş edilib.

 

Bütün xəbərlər