Ermənistan danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi – Prezident

12:39 - 1.12.2020


1 dekabr, Fineko/abc.az. Danışıqlar prosesi ilə əlaqədar onu da bildirməliyəm, istəyirəm Azərbaycan xalqı bu məlumatı məndən eşitsin.  Təsadüfi deyil ki, işğalda olan rayonların Azərbaycana qaytarılması məsələsi danışıqların mərkəzində yerləşirdi.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı qeyd edib ki, bu, bizim mövqeyimiz idi və burada da mərhələli həll nəzərdə tutulurdu. İ.Əliyev qeyd edib ki, biz də bunun tərəfdarı idik: “Birinci mərhələdə 5 rayonun Azərbaycana qaytarılması, ikinci mərhələdə isə Laçın dəhlizi istisna olmaq şərti ilə Kəlbəcər və Laçın rayonunun Azərbaycana qaytarılması. Ermənistan tərəfi hər dəfə məsələ qaldırırdı ki, əgər bu 7 rayon Azərbaycana qaytarılacaqsa, mütləq Dağlıq Qarabağın statusu eyni vaxtda öz həllini tapmalıdır. O başqa məsələdir ki, Ermənistan, sadəcə olaraq, danışıqlarda iştirak edərək imitasiya ilə məşğul idi və heç bir rayonu bizə qaytarmaq fikrində deyildi. Ancaq istənilən halda onların mövqeyi belə idi ki, 5 rayon qaytarıla bilər, amma Laçın və Kəlbəcər rayonlarının Azərbaycana qaytarılması üçün Azərbaycan Dağlıq Qarabağın müstəqilliyini ya tanımalıdır, ya da ki, orada keçiriləcək səsverməni tanımalıdır, səsvermə üçün tarix müəyyən edilməlidir. Dağlıq Qarabağa müstəqillik verilərsə, o zaman Ermənistan Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytaracaq, ancaq Laçın dəhlizi Ermənistana veriləcəkdi, özü də dəhlizin eni müəyyən edilməmişdi. Bax, bu idi danışıqlar masasında olan məsələlər".

 

Bütün xəbərlər