Azərbaycan və Rusiya Samur-Astara və Samur-Axalkalaki dəmir yolu xəttinin tarif şərtlərini müzakirə etdilər

12:47 - 22.02.2018


22 fevral, Fineko/abc.az. Vyanada keçirilən "Strateji Tərəfdaşlıq 1520: Mərkəzi Avropa”  biznes-forumu çərçıvəsində "Azərbaycan Dəmir Yolları” QSC-in sədri Cavid Qurbanov  "Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov ilə görüşüb.

ADY-in məlumatında deyilir ki, ikitərəfli görüşdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb hissəsindən kecən ərazisinin gələcək inkişafı, Samur-Astara və Samur-Axalkalaki istiqamətində yüklərin və sərnişinlərin daşınmasının gələcək inkişafı və tarif şərtləri və digər  məsələlər müzakirə olunub.

Görüş zamanı Cavid Qurbanov bildirib ki, əhəmiyyətli layihələrdən biri də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir və ölkə öz öhdəliklərini qısa bir zamanda yerinə yetirdi.

Hazırda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası da başa çatmaq üzrədir.Yaxın aylarda Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir. Bu günlərdə Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb.

"Rusiya Dəmir Yolları” ASC-nin Prezidenti Oleq Belozyorov "Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Azərbaycan tərəfinin gördüyü işləri yüksək qiymətləndirib və bu marşruta yük axınının cəlb edilməsi üçün bütün imkanların səfərbər edilməsinin vacib olduğunu bildirib.

 

Bütün xəbərlər