DSMF əməkdaşlarına cinayət işi açıldı – Detallar

12:22 - 29.12.2020


29 dekabr, Fineko/abc.az. Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz və Nizami rayon şöbələrinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluqdan ABC.AZ-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Fondun Gəncə şəhər Nizami rayon şöbəsinin Sosial sığorta sektorunun baş məsləhətçisi vəzifəsində işləmiş Ələkbərov Elçin Qoşqar oğlunun həmin fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Qəmbərov Arif Rəşid oğlu və pensiya təyinatı sektorunun müdiri Eminova Səmayə Zakir qızı ilə birlikdə ayrı-ayrı şəxslərə saxta sənədlər əsasında pensiya təyin edilməsi müqabilində 5 nəfərdən ümumilikdə 23 min 500 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 19 min 280 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Elçin Ələkbərovun ayrı-ayrı vaxtlarda Səmayə Eminova, habelə fondun Gəncə şəhəri Kəpəz şöbəsinin müdiri vəzifəsində işləmiş Əhmədov Nizami Məmməd oğlu, müdir müavini Xəlilov Bəyəli Şərif oğlu, mütəxəssisi Rafael Novruzov və vətəndaş Şahin Məmmədov ilə birlikdə eyni məqsədlə ayrı-ayrı şəxslərdən ümumilikdə 136 min 300 manat məbləğində pul alıb həmin vəsaiti öz aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də öz qulluq mövqeyindən istifadə edərək fonda məxsus 113 min 965 manat məbləğində pul vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə aparılan istintaq zamanı vurulmuş 230 min 906 manat məbləğin də maddi ziyanın 197 min 245 manat hissəsinin ödənilməsi təmin edilib.

 

Bütün xəbərlər