Daha bir əhəmiyyətli yolda təmir yekunlaşıb

15:36 - 11.01.2021


11 yanvar, Fineko/abc.az. Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri  yekunlaşdırılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən ABC.AZ-a daxil olan məlumata görə, Ucar-Zərdab-Ağcabədi avtomobil yolu Ucar şəhərinin girişindən başlayaraq, 70 kilometr sonra Ağcabədi şəhərinin cənubunda R18 Mingəçevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir.

Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılıb.

Layihəyə əsasən, hər birinin eni 3,75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü isə 3 lay olmaqla 27 santimetr təşkil edir. Layihə çərçivəsində yol boyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü boru və 30 avtobus dayanacağı inşa edilib.

Bütün xəbərlər