Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı dəmir yoluna bu qədər vəsait lazımdır

15:19 - 12.01.2021


12 yanvar, Fineko/abc.az. Ümumi tarazlıq modeli əsasında hesablamalarımız göstərir ki, Qarabağın Azərbaycan iqtisadiyyatına reinteqrasiyası orta müddətli dönəmdə kənd təsərrüfatında 10,4 faiz, turizmdə 5,5 faiz, mədənçıxarma sənayesində 5,3 faiz, nəqliyyat xidmətlərində 4,9 faiz, emal sənayesində 4,3 faiz və digər xidmətlərdə 1,4 faiz, bütövlükdə qeyri-neft ÜDM-in formalaşmasında 5,1 faiz müsbət təsirə malik olacaq.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı deyib.

O qeyd edib ki, Ermənistan iki istiqamətdə Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməklə, öz ticarət dövriyyəsinin 25-30 faizini təşkil edən Rusiya ilə əlaqə yarada bilər.

"Gümrü-Naxçıvan-Meğri-Bakı və İcevan-Qazax-Bakı. Nəzərə alsaq ki, Qarsdan Gümrüyə də dəmiryolu xətti mümkündür, bütövlükdə xarici mənbələrin hesablamalarına görə, Qars-Gümrü-Naxçıvan-Meğri-Bakı üçün təxmini 434 milyon ABŞ dolları xərc tələb edilir və dəmir yol layihəsi illik 10 milyon ton yük daşımaqla fəaliyyətinin 13-cü ilində mənfəət gətirə bilər. Bununla yanaşı, Türkiyədə Qarsdan Naxçıvana və Naxçıvandan Mehri dəhlizi üzərindən Zəngilana planlaşdırılan dəmiryolu xətti daha böyük strateji əhəmiyyət kəsb etməklə yuxarıdakı layihəni tamamlayır. Beləliklə, Azərbaycan və Türkiyənin dəmiryolu xətlərinin inteqrasiyasına Ermənistanın qoşulmaq imkanları rəsmi Yerevanın nə qədər rasional siyasət yürütməsindən asılı olacaq".

 

Bütün xəbərlər