Bakıda daha 3 parklanma sahəsi yaradılır – Küçələrin siyahısı

12:27 - 13.01.2021


13 yanvar, Fineko/abc.az. Bakı Dəmir Yolu Vağzalının ərazisində üç yeni parklanma sahəsi yaradılır.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a daxil olan məlumata görə, onlardan biri vağzalın qarşısında, biri Cəfər Cabbarlının heykəlinin arxasında, digəri isə Süleyman Rəhimov küçəsində, qatarlardan çıxış platforması meydanında təşkil ediləcək.

Ərazidə ümumilikdə 160 ədəd nəqliyyat vasitəsinin parklanması nəzərdə tutulub.

Bundan başqa, fiziki məhdudiyyətli şəxslər üçün 10 ədəd xüsusi yer və 36 ədəd velosiped üçün ayrıca sahə ayrılacaq.

Vağzalın qarşısında yerləşən parklanma sahəsində işlər tamamlanmaq üzrədir. 3300 kvadrat metr sahəsi olan bu ərazi 85 nəqliyyat vasitəsi üçün nəzərdə tutulub.

Cəfər Cabbarlı heykəlinin arxasındakı 800 kvadrat metrlik ərazidə 30 nəqliyyat vasitəsi, Süleyman Rəhimov küçəsindəki 2800 kvadrat metrlik ərazidə isə 45 nəqliyyat vasitəsinin durması üçün şərait yaradılacaq.

Yeni parklanma sahələrində tariflər 0-1 saat üçün 1 manat, 1-3 saat üçün 2 manat, 3-6 saat üçün 3 manat, 6-12 saat üçün 4 manat, 12-24 saat üçün 5 manat təşkil edəcək.

Velosipedlərin parklanması üçün isə ödəniş tələb olunmayacaq.

Müəllif: Elmir Murad


Bütün xəbərlər