İlham Əliyev: Bu faciənin təkrarlanmaması üçün Azərbaycan daha da güclü olmalıdır

09:59 - 27.02.2018


27 fevral, Fineko/abc.az. Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rusiya 24” telekanalının müxbirinə müsahibə verdi.

Dövlət başçısı İlham Əliyev müsahibə zamanı bildirib ki,  26 fevral günü,  Azərbaycan xalqının tarixində qanlı səhifələrdən biridir, azərbaycanlıların soyqırımı günüdür, Azərbaycan xalqının yaddaşında həmişəlik qalacaq və heç vaxt unutmayacaq bir gündür.

“26 il bundan əvvəl Ermənistan  Azərbaycana qarşı soyqırımı törətmiş, nəticədə 613 dinc sakin qətlə yetirilmiş, bunlardan 106-sı qadın, 63-ü uşaq, 1200-dən çox dinc sakin əsir düşmüş, işgəncələrə məruz qalmış, təxminən 500 nəfər əlil olmuş, təxminən 150 vətəndaş haqqında heç bir məlumat yoxdur, onlar itkin düşmüş sayılırlar, lakin təbii ki, onların da öldürüldüyü ehtimalı çox yüksəkdir.  Möcüzəvi surətdə sağ qalmış insanların, bu qanlı faciə, dəhşətli gün  haqqında  çoxlu  sayda video-, fotomaterialları var. Bu erməni faşizminin təzahürüdür, erməni vəhşiliyinin  təzahürüdür”, - İ.Əliyev belə deyib.

Onun sözlərinə görə, bu gün bütün dünyada “Xocalıya ədalət!” kampaniyası genişlənir. Bu günlərdə dünyanın bir çox ölkələrində matəm  tədbirləri  keçirilir, Azərbaycan diaspor təşkilatları, ictimaiyyət, “dəyirmi masa”lar, təqdimatlar, sərgilər keçirir. Bütün foto və video sənədlər bu dəhşətli faciə  haqqında  şahidlik edir. Biz bunu xatırlayırıq. Bunu heç vaxt unutmayacağıq. Azərbaycan, bu faciənin yenidən baş verməməsi üçün, daha güclü olmalıdır.

“Siz mənim bu matəm gününü hansı hisslərlə qarşıladığımı soruşdunuz - hər bir azərbaycanlının keçirdiyi hisslərlə, günahsız öldürülənlərə görə dərd, kədər, qurbanlara görə ağrı hissi, eyni zamanda, ölkəmizi möhkəmləndirmək qətiyyəti ilə. Azərbaycan xalqının gələcəkdə heç vaxt belə faciə ilə üzləşməməsi üçün ölkəmizin iqtisadi, hərbi potensialını möhkəmləndirməliyik”,  - dövlət başçısı belə deyib.

 

 

Bütün xəbərlər