Masallı rayon Mərkəzi Xəstəxanasının direktorunun həbs səbəbi – Detallar

14:05 - 25.01.2021


25 yanvar, Fineko/abc.az. Ötən həftə həbs olunan Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru ilə bağlı Baş Prokurorluq məlumat yayıb.

ABC.AZ xəbər verir ki, məlumatda deyilir: “Uzun müddət Masallı rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyən Nəzərov Cəlil Oruc oğlunun həmin tibb müəssisəsinin həkim-məsləhət komissiyasının sədri kimi vətəndaşlardan əlillik dərəcəsinin müəyyən edilməsi üçün rüşvət qismində müxtəlif məbləğlərdə pul vəsaiti alması barədə daxil olmuş vətəndaş müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib.

Həyata keçirilmiş ilkin tədbirlərlə Cəlil Nəzərovun ona müraciət edən iki vətəndaşdan əlillik dərəcəsinin təyin edilməsi üçün tələb edilən xəstəlik tarixçələrinin hazırlanması və səhiyyə müəssisəsinin göndərişinin "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə daxil edilməsi müqabilində onlardan tələb etdiyi cəmi 4500 manat pul məbləğini 2020-ci il ərzində ayrı-ayrı vaxtlarda rəhbərlik etdiyi tibb müəssisəsinin inzibati binasında şəxsən və qeyri-rəsmi köməkçisi olan Sultanlı Davud Məmməd oğlu vasitəsilə təkrarən rüşvət qismində almasına, habelə, işlədiyi dövr ərzində çox sayda digər sağlam və həqiqi xəstəliyi olan vətəndaşlara xəstəliklə bağlı saxta tibbi sənədlərin hazırlanması, həmin sənədlərin reyestrə daxil edilməsi müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində almasına dair əsaslı şübhələr müəyyən edilib.

Hazırda C.Nəzərovun qanunsuz hərəkətlərinin aşkar edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

 

Bütün xəbərlər