Azərbaycan hərbçiləri Şuşanın yüksəkliklərini nəzarətdə saxlayırlar – Prezident

15:30 - 27.01.2021


27 yanvar, Fineko/abc.az. Şuşanın qorunması ilə bağlı müvafiq göstərişlər verilib. Azərbaycan hərbçiləri Şuşanı qoruyurlar, ətraf yüksəklikləri nəzarətdə saxlayırlar və saxlayacaqlar.

ABC.AZ-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Aydın Kərimovu Şuşaya xüsusi nümayəndə təyin etməsi ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, Şuşada komendantlıq yaradılıb və indi isə mülki idarəetmə institutu yaradılır:

"Bir daha demək istəyirəm ki, sizə böyük etimad göstərilir. Çünki Şuşanın Azərbaycan tarixində xüsusi yeri var və Şuşanın bərpası, dirçəlməsi hamımızın işidir. Əlbəttə ki, bütün işlər planlı şəkildə aparılmalıdır, Şuşanın tarixi siması saxlanılmalıdır, Şuşaya yad olan hər hansı bir tikiliyə yol vermək olmaz. Mən artıq bir müddət bundan əvvəl Şuşaya mütəxəssislərdən ibarət böyük bir qrup ezam etmişdim. Onların arasında siz də var idiniz və vəziyyətlə tanış oldunuz. Bu qrup bir neçə gün Şuşada qalıb, bütün təftiş, təhlil işlərini aparıb və mənə məruzə edib. Şuşanın bərpası bunun əsasında aparılacaqdır".

 

Bütün xəbərlər