Azərbaycan neft-kimya sənayesi üçün davamlı xammal bazası yaradacaq Rövnəq Abdullayev

14:22 - 3.02.2021


3 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Maire Tecnimont Group” yeni nəsil emal qurğuları barədə sazişlər imzalayıblar.

ABC.AZ-ın məlumatına görə, ümumi dəyəri təxminən 160 milyon ABŞ dolları olan yeni EPC sazişləri üzrə işlərin müvafiq olaraq 33 və 26 ay ərzində başa çatacağı gözlənilir.

SOCAR prezidenti Rövnəq Abdullayev bildirib ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu Cənubi Qafqaz regionunda yeganə neft emalı kompleksi kimi böyük rol oynayır: “Zavod regionun yanacaq təchizatını həyata keçirir və SOCAR-ın neft-kimya müəssisələrini xammal ilə təmin edir. NEZ-in yenidən qurulması dizel yanacağının və benzinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq Avro-5 standartına uyğunlaşdıracaq, eyni zamanda Azərbaycanın neft-kimya sənayesi üçün davamlı və səmərəli xammal bazası yaradacaq. Yenidənqurma işləri iqtisadi və ekoloji baxımdan da mühüm əhəmiyyət daşıyır və şəhərlərimizdə həyat keyfiyyətinin yüksəldilməsi üçün vacibdir. Biz dəfələrlə dost münasibətini gördüyümüz İtaliyanın yaradıcı və istedadlı ruhunu özündə daşıyan tanınmış Maire Tecnimont qrupu ilə bu alicənab məqsəd naminə əməkdaşlıq etməkdən məmnunuq.”

 

Bütün xəbərlər