AQTA sahibkarlara xəbərdarlıq etdi - Bu hallarda tədbirlər görüləcək

16:53 - 8.02.2021


8 fevral, Fineko/abc.az. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində həyata keçirilən yoxlama-nəzarət tədbirlərinin miqyası genişləndirilir.

AQTA-dən ABC.AZ-a verilən məlumata görə, koronavirus (COVID-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrində COVID-19-a yoluxma hallarının və ya virusun yayılmasının qarşısının alınması məqsədilə həmin müəssisədə çalışan işçi heyət və istehlakçıların xüsusi davranış qaydalarına əməl etməsi zəruri şərtlərdəndir.

Qanunvericiliyə əsasən ictimai iaşə müəssisələrində müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır.

Bundan başqa, qanunvericiliyə əsasən, ictimai iaşə obyektləri tərəfindən nəzarət üzrə məsul şəxs təyin edilməli və həmin şəxs haqqında müvafiq məlumatlar Agentliyə təqdim edilməlidir.

Belə ki, əks halda həmin sahibkarlıq subyektləri haqqında qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görüləcək.

 

Bütün xəbərlər