Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada səfərdədir

12:07 - 1.03.2018


1 mart, Fineko/abc.az. Müdafiə Nazirliyinin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanovun rəhbərlik etdiyi nümayəndə heyəti  Moskvada səfərdədir.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, Azərbaycan nümayəndə heyəti  bu gün Moskva şəhərində keçiriləcək “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının planlaşdırma konfransında iştirak edəcək.

Tədbir zamanı yarışların şərtləri və qaydaları müzakirə olunacaq, həmçinin, müsabiqənin keçirilmə yerlərinə baxış keçiriləcək.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Ordusunun nümayəndələrinin “Dəniz kuboku”, “Tank biatlonu”, “Artilleriya atəşinin ustaları”, “Snayper həddi” və  “Səhra mətbəxi” müsabiqələrində iştirakı, o cümlədən “Dərinlik” və “Qoşun kəşfiyyatının əlaçıları” müsabiqələrində müşahidəçi qismində təmsil olunmaları  planlaşdırılır.

Azərbaycan, Belarus, Qazaxıstan, İran, Çin və Rusiya ərazisində təşkil olunacaq 27 beynəlxalq müsabiqədən ibarət “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının cari ilin iyulun 28-dən avqustun 11-dək keçiriləcək.

 

Bütün xəbərlər