Azərbaycan və Türkiyə sığortaçıları əməkdaşlığı müzakirə edib

11:44 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) ilə Türkiyə Sığorta Birliyinin rəhbər heyəti arasında zoom-konfrans keçirilib.

ASA-dan ABC.AZ-a verilən məlumata görə, görüşdə iki qardaş ölkə arasında sığorta sahəsində qurulmuş əməkdaşlıq çərçivəsində ilk mərhələdə həyata keçiriləcək fəaliyyət planı müzakirə olunub.

Görüşdə Türkiyə ilə Azərbaycan arasındakı qarşılıqlı əməkdaşlıq münasibətlərinin sığorta sahəsində də təmin olunduğundan məmnunluq bildirilib.

Ötən ilin dekabr ayında iki qurum arasında imzalanmış rəsmi Memorandum çərçivəsində qurulan əməkdaşlığın hər iki ölkənin sığorta bazarı üçün səmərəli olacağı vurğulanıb.

TSB-nin İcraçı direktoru Özgür Obalı azərbaycanlı sığortaçıların Türkiyədə təcrübəyə cəlb olunması ilə bağlı bütün lazımi addımları ata biləcəklərini bildirib.

 

Bütün xəbərlər