“Cybernet” şirkəti ilə Qazaxıstanın Milli Müstəqil İmtahan Mərkəzi arasında müqavilə imzalandı

11:17 - 5.03.2018


Azərbaycanın aparıcı informasiya texnologiyaları şirkəti “Cybernet” ilə Qazaxıstanın Milli Müstəqil İmtahan Mərkəzi arasında tərəfdaşlıq barədə müqavilə imzalanıb.

Bu müqavilə çərçivəsində “Cybernet” şirkətinin bir il öncə hazırladığı - tibb işçilərinin təhlükəsiz şəbəkədə kompüter testləşdirməsi üzrə inteqrə olunmuş informasiya sisteminin yeniləşdirilməsi və uyğunlaşdırılması işləri aparılacaq. 

“Cybernet” şirkəti Dünya Bankının layihəsi çərçivəsində Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinin sifarişi ilə Qazaxıstan Respublikası Səhiyyənin İnkişafı Mərkəzi üçün işləyib hazırladığı müstəqil imtahanların keçirilməsini təmin edən inteqrə olunmuş informasiya sistemini  2017-ci ildə uğurla təhvil verib. İndi bu funksiyaların Milli Müstəqil İmtahan Mərkəzinə keçirilməsi ilə əlaqədar olaraq “Cybernet” şirkəti həmin informasiya sisteminin yeni qurum üçün adaptasiya və təkmilləşdirmə işlərini yerinə yetirəcək.

Bu, inzibatçılıq, imtahana hazırlıq prosesinin idarə olunması, praktik vərdişlərin qiymətləndirilməsi, forum, vebinar, axtarış və hesabat modullarından təşkil olunmuş kompleks bir sistemdir. Sistem həkimlər və tibb bacıları, ali tibb məktəblərinin məzunları, rezidentləri, internləri, kollec məzunları, professor-müəllim heyəti üçün nəzəri və praktik imtahanın aparılmasını təmin edir. Qeydiyyat, testləşdirmə və nəticələrin hesablanması avtomatik qaydada insan amilinin təsiri olmadan həyata keçirilir. Sistem informasiyanın və məlumat bazalarının bir neçə müdafiə səviyyəsinə, habelə hər hansı bir informasiya bölümünə səlahiyyətli və icazəli girişlərə nəzarət imkanına malikdir.  

2004-cü ildən fəaliyyətdə olan “Cybernet” şirkəti Azərbaycanla yanaşı, Mərkəzi Asiya və digər ölkələrdə İKT xidmətləri və texniki həllər üzrə xidmət göstərir. Şirkət müasir informasiya sistemlərinin işlənib hazırlanmasında, o cümlədən Azərbaycanda elektron hökumətin qurulmasında böyük təcrübəyə malikdir.

 

Bütün xəbərlər