"AccessBank”ın simaları": Dinara Cavadova:“Xəzinədarlıqda gündəlik əməliyyatlar çox çevik aparılır və cəld reaksiya tələb edir”

12:43 - 19.03.2021


19 mart, Fineko/abc.az. "AccessBank”ın simaları" rubrikasında bugünkü həmsöhbətimiz Xəzinədarlıq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Dinara Cavadovadır.

Xəzinədarların bankda nə işlə məşğul olması çoxunda sual yaradır. İşiniz barədə qısaca danışaq, məsələn, səhərləriniz nə ilə açılır?

Bir çox insan Xəzinədarlıq departamentini bunkerdə oturub pul sayan komanda kimi təsəvvür edir. Əslində qismən də olsa, işimiz həqiqətən də bundan ibarətdir. Bununla belə çoxşaxəli və maraqlı işimiz var. Əsas işlərimizdən biri Bankın maliyyələşdirilməsini təmin etmək, qiymətli kağızlar portfelini sərmayələşdirmək və idarə etmək, habelə həm yerli, həm də xarici bazarlarda yeni tərəfdaşlar cəlb etməkdir.

İş gününün başlanğıcı həmişə çox aktivdir, nahara qədər vaxtımızın necə keçdiyini heç özümüz də bilmirik. İşin qızğın vaxtında departamentimizə  daxil olan kənar şəxs üçün baş verənlər xaos kimi görünə bilər. Əslində hər şey çox nizamlı və strukturlu baş verir. Baxmayaraq ki, bizim işi bir gün öncədən planlaşdırmaq mümkün deyil.

İşinizdə sizi ən çox sevindirən,  xoş və maraqlı şey nədir? 

Gündəlik rutinə alışmağa vaxtın belə olmayanda, gördüyün işin rəngarənliyi və sənə hər gün yeni bir şey öyrətməyi adamı çox sevindirir. Bank üçün sərfəli sövdələşmələr əldə etdikdə və layihələri uğurla başa vurduqda böyük həzz alıram. Komanda üzvlərim işlərini motivasiyalı gördükdə, inkişaf etdikdə və yeni uğurlar əldə etdikdə xüsusilə sevinirəm.

İşimdə ən maraqlı məqam daima yeni nələrsə öyrənib tətbiq etməyimdir. Bununla da Bankın xəzinədarlığını gücləndirib, nəticə etibarilə müştərilərimizə sərfəli şərtlər təklif edirik. İşdən sonra gün ərzində yerinə yetirilmiş tapşırıqları, əldə olunmuş proqresi qiymətləndirmək və günün necə məhsuldar keçdiyini görmək mənim üçün ən xoş anlardan biridir. 

2020-ci il çox qeyri-adi keçdi. Bu il Sizin işinizə necə təsir göstərdi, Sizə nə öyrətdi? 

İl heç də asan keçmədi. Düşünürəm ki, digər banklarda işləyən həmkarlarım bu ilin xüsusi olduğunu qəbul edərlər.  2020-ci il çətinliklər ili idi –  çox şeyi tələsik öyrənməli, iş prosesində dəyişdirməli və dəyişən şəraitə mümkün qədər tez uyğunlaşmalıydıq. Ümumiyyətlə, il göstərdi ki, peşəkar bilik və bacarıqlara əlavə olaraq, stress və qeyri-müəyyən vəziyyətlərdə effektiv nəticələr əldə etmək üçün dəyişən şərtlərə sürətli uyğunlaşma bacarığına sahib olmaq çox vacibdir.

Xəzinədarlıq işi insanda hansı xüsusiyyətləri və peşə bacarıqlarını inkişaf etdirir?

Hər şeydən əvvəl, bu, vəziyyəti mümkün qədər tez qiymətləndirmək və qərarlar qəbul etmək qabiliyyətidir. Çünki xəzinədarlıqda gündəlik əməliyyatlar çox çevik aparılır və cəld reaksiya tələb edir. Digər vacib xüsusiyyət, fürsətləri buraxmamaq üçün mümkün qədər çevik olmaq və bank üçün əlverişli şərtləri əldən verməmək üçün danışıqları aparmaq bacarığıdır. 

Düşünürəm ki, xəzinədarlıqdakı işimiz planlaşdırma və proqnozlaşdırma ilə sıx əlaqəli olduğundan, bu, bank sektorunda və ümumiyyətlə iqtisadiyyatda bir çox proseslərin strateji baxışının genişləndirilməsinə kömək edir.

Fikrimcə, təkcə xəzinədarlıq ilə əlaqəli olmayan vacib cəhətlərdən biri də komandada işləmək bacarığıdır. Çünki hər iş günümüz gözlənilməyən tapşırıqlar gətirir və belə məqamlarda komanda üzvlərinin bir-birilərinə dəstək olmaları vacibdir.

Bankın digər şöbələrində olduğu kimi, Xəzinədarlıqda  da bütün işçilərin ideyaları və məqsədyönlü olmaları çox vacibdir. Bu, həm analitik, həm də ünsiyyət bacarıqları ilə yanaşı, gün ərzində maksimum dəqiqlik və diqqət  tələb edən işdir. Güclü və mehriban komandamız var və biz çətinliklərin öhdəsindən birlikdə gəlməyi öyrənmişik. Həmçinin, komandada müzakirələrin aparılması işimiz üçün çox vacibdir. Çünki ünsiyyət və müzakirə zamanı ortaya yeni fikirlər çıxır.

Neçə ildir “AccessBank”-da işləyirsiniz?

“AccessBank” mənim ilk iş yerimdir və bu ay burada işləməyimin 8 ili tamam olur. Müştərilər üçün ölkənin aparıcı mikromaliyyə təşkilatı, bank sektoru üçün isə əməkdaşlarının daxili potensialını inkişaf etdirən və onların peşəkar bacarıqlarının artırılmasına diqqət edən bir bankda - “AccessBank”da karyerama başlamağımı uğurum hesab edirəm.

Maraqlı söhbət üçün təşəkkür edirik!

Maraqlı suallarınız üçün təşəkkür edirəm. Fürsətdən istifadə edərək Sizi və bütün oxucuları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm. Qoy, bu bayram hər evə sevinc və istilik gətirsin!


Bütün xəbərlər