330x110
 

Qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcmi artırılacaq – Təklif

05.04.2021,17:19


5 aprel, Fineko/abc.az. Əmanətçilərin bank sisteminə etimadını gücləndirmək məqsədilə 2016-cı il 19 yanvar tarixdə “Əmanətlərin tam sığortalanması haqqında” Qanun qəbul edilib.

ABC.AZ-ın məlumatına görə, sözügedən Qanunun 5 aprel 2021-ci il tarixdən qüvvədə olma müddəti başa çatıb.

Məlumatda qeyd edilib ki, ötən dövr ərzində əmanətlərin tam sığortalanması mexanizminin həyata keçirilməsi ilə ölkədə iqtisadi böhranın bitməsinə, bank sistemində sabitliyin əldə olunmasına, fiziki şəxslərin əmanətlərinin itirilməsi riskinin qarşısının alınmasına və banklara depozit axınının cəlb olunmasına nail olunub.

Aparılan təhlillərin nəticəsində məlum olub ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.