Azərbaycan Respublikasının yeni energetika naziri kollektivə təqdim olunub

17:11 - 13.10.2017


Bu gün, Azərbaycanın yeni təyin olunmuş energetika naziri Pərviz Şahbazov nazirliyin kollektivinə və yanacaq-energetika sektorunda fəaliyyət göstərən dövlət qurumlarının rəhbərlərinə təqdim edilib.

Nazirliyin məlumatına əsasən, yeni naziri kollektivə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təqdim edib.

Azərbaycanın yeni energetika naziri belə deyib: “Enerji siyasəti, xarici istiqamətlə yanaşı, geniş daxili seqmentlərə də malikdir.  Ölkəmizdə energetika sektorunun qloballaşma dövrünün tələblərinə uyğun inkişafı və bu sahədə beynəlxalq təcrübənin tətbiqi zəruridir. Qarşıya qoyulmuş vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi isə sıx əməkdaşlıq münasibətləri ilə mümkündür”.

Qeyd edək ki, Pərviz Şahbazov energetika naziri vəzifəsinə dövlət başçısının 12 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təyin edilib.

Bütün xəbərlər