330x110
 

Bakıda və Abşeronda yeni iş yerləri açılacaq - Ərəblərlə müqavilə imzalandı

06.04.2021,15:03


6 aprel, Fineko/abc.az. Energetika Nazirliyi və ”Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, müqavilələri Azərbaycan tərəfindən energetika naziri Pərviz Şahbazov və “Azərenerji” ASC-nin prezidenti Baba Rzayev, “Masdar” şirkəti tərəfindən isə baş icraçı direktor Mohamed Jameel Al Ramahi imzalayıb.

Energetika naziri P.Şahbazov qeyd edib ki, növbəti 10 il ərzində bərpa olunan enerji mənbələrindən geniş istifadə etməklə Azərbaycanın “yaşıl artım” ölkəsinə çevrilməsi sosial-iqtisadi inkişafı təmin edəcək Milli Prioritetlərdən biri kimi müəyyənləşdirilib.

"Təxminən, 200 milyon ABŞ dolları dəyərində günəş elektrik stansiyası üzrə bu müqavilələri imzalamaqla bərpa olunan enerji və karbon emissiyaları ilə bağlı hədəflərimizə daha bir addım yaxınlaşırıq.

Bakı şəhəri və Abşeron rayonunda tikiləcək günəş elektrik stansiyası, təxminən, ildə 500 milyon kVt·saat elektrik enerjisinin istehsalına, 110 milyon kub metr təbii qaza qənaət edilməsinə, 200 min ton karbon emissiyasının azaldılmasına, yeni iş yerlərinin yaradılmasına, eyni zamanda digər investorların yeni layihələrə cəlbinə yol açacaqdır" deyə nazir qeyd edib.