330x110
 

Sığorta bazarında bu il canlanma gözləmirəm – Ekspert

07.04.2021,11:02


7 aprel, Fineko/abc.az. Ötən gün sığorta sektorundakı azalmalar və bazarın vəziyyəti barədə yazıda sığortanın bəzi növlərində azalmaların nəzərə çarpdığı məlum olmuşdu.

Bazardakı vəziyyəti şərh edən sığorta üzrə ekspert Kamran Babayev ABC-a könüllü sığortadakı azalmanın "Covid"lə əlaqəli olduğunu bildirib.

Onun sözlərinə görə, könüllü sığortadan fərqli olaraq avtonəqliyyat vasitələri sahiblərinin icbari sığortası üzrə ödənişlər artıb və bu tendensiya davam edəcək.

"Düşünürəm ki, sığorta haqlarına və bonus-malus sisteminə yenidən baxılmalıdır. Sığorta haqları artmasa, bu sığorta növü sığorta şirkətləri üçün daha da ciddi problemə çevriləcək. Sığorta haqqı yalnız mühərrik həcminə görə hesablanmamalıdır. Bu yanaşmanı doğru hesab etmirəm. Bonus-malus sistemi də fikrimcə dəyişdirilməlidir. Kobud qayda pozuntuların sıyahısı müəyyən olunmalıdır və belə qayda pozuntusu edib hadisə törədən şəxslər üçün sığorta haqqında ciddi artım olmalıdır. Belə olan halda sürücülər avtomobillərini daha ehtiyyatlı idarə edərlər, hadisə sayı azalar. Proqnoz olaraq deyə bilərəm ki, sığorta bazarında bu il canlanma gözləmirəm. Pandemiya dövründə sığorta bazarında nisbətən durğunluq gözlənilir. Lakin qeyd edim ki, işğaldan azad edilmiş torpaqlarımızda sığorta şirkətləri üçün yeni imkanlar açılacaq və bu sığorta bazarının həcminə təsir edəcək" deyə ekspert qeyd edib.

Müəllif: Elmir Murad